ZİRƏ AQROPARK MMC nümayəndələri ilə işgüzar görüş

2026-cı il 10 iyul tarixində ZİRƏ AQROPARK MMC-nin ofisində GS1 Azerbaijan nümayəndələri ilə müəssisə rəhbərliyi arasında məhsulların rəqəmsal identifikasiyası və logistika sahəsində müasir həllərə həsr olunmuş işgüzar görüş keçirilib.

Görüşdə GS1 Azerbaijan-ın icraçı direktoru S. Əliyeva, marketinq meneceri S. Şabanova, həmçinin ZİRƏ AQROPARK MMC-nin direktor müavini İsmayıl Cəfərzadə və HR meneceri Samirə Əlizadə iştirak ediblər.

Görüşün əsas mövzusu GS1 Digital Link standartının tətbiqi imkanları, eləcə də qrup qablaşdırmalarının, paletlərin və logistik vahidlərin markalanması üçün beynəlxalq GS1 standartlarından istifadənin üstünlükləri olub.

Görüş zamanı GS1 Azerbaijan mütəxəssisləri GS1 Digital Link standartının üstünlüklərini təqdim ediblər. Qeyd olunub ki, bu standart vahid rəqəmsal identifikator vasitəsilə istehlakçılara və tərəfdaşlara məhsul haqqında əlavə rəqəmsal məlumatlara çıxış imkanı yaradır. Bununla yanaşı, qrup qablaşdırmalarının markalanması, SSCC logistik kodundan istifadə etməklə paletlərin və logistik vahidlərin identifikasiyası, həmçinin beynəlxalq GS1 standartlarının tətbiqinin biznes proseslərinin avtomatlaşdırılması, təchizat zəncirinin idarə edilməsinin səmərəliliyinin artırılması və məhsulların izlənilə bilməsinin təmin edilməsi baxımından üstünlükləri müzakirə olunub.

Görüşdə GS1 Azerbaijan-ın tədris fəaliyyətinə də xüsusi diqqət yetirilib. Təşkilatın nümayəndələri iştirakçılara GS1 mütəxəssisləri tərəfindən avtomatik identifikasiya və beynəlxalq GS1 standartlarının tətbiqi üzrə keçirilən təlim kursları haqqında məlumat veriblər.

Görüşün yekununda ZİRƏ AQROPARK MMC nümayəndələri GS1 Digital Link standartının tətbiqinə maraq göstərdiklərini bildirərək, GS1 Azerbaijan ilə gələcək əməkdaşlıq çərçivəsində öz məhsulları üçün rəqəmsal linklərin əldə edilməsində maraqlı olduqlarını ifadə ediblər.