Təchizat zəncirində informasiyanın avtomatik identifikasiyası sahəsində beynəlxalq təcrübəyə uyğun vahid yanaşmanın tətbiqini təmin etmək məqsədilə logistik vahidlərin GS1 sisteminə inteqrasiya olunması, məhsul və yüklərin izlənəbilənliyinin artırılması, həmçinin logistik əməliyyatların idarə edilməsində elektron məlumat mübadiləsinin standartlaşdırılması zərurəti yaranmışdır.
Bununla əlaqədar olaraq, GS1 Azerbaijan tərəfindən hazırlanmış “Logistik vahidlərin GS1 Logistik etiketlər vasitəsilə İdentifikasiyası. Tərtibat və İstifadə qaydaları” Standart layihəsi “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırılması üzrə Texniki Komitə tərəfindən müzakirə edilmiş və 24.11.2025-ci il tarixində AZS 981:2025 nömrəsi ilə qəbul edilmişdir.
Standart logistik vahidlərin GS1 logistik etiketi vasitəsilə unikal identifikasiyası, məhsul haqqında məlumatların daxil edilməsi, nəqliyyat və müştəri məlumatlarının daxil edilməsi, etiketin tərtibatı və yerləşdirilməsi qaydalarını müəyyən edir.
Logistika əməliyyatlarının sürətləndirilməsi, vaxt itkisinin qarşısının alınması və insan faktorunun aradan qaldırılmasını ehtiva edən bu Standart Dövlət Gömrük Komitəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi marağına səbəb olmuşdur.
