2026-cı il 6 iyul tarixində GS1 Azerbaijan-ın aparıcı IT mütəxəssisi Fərid Abasov və marketinq meneceri Səfurə Şabanova Nərgiz Medical Center klinikasını ziyarət ediblər.
Səfər çərçivəsində GS1 Azerbaijan nümayəndələri klinikanın direktoru və baş həkimi Məlahət Qəhrəmanova üçün yeni nəsil ikiölçülü kodlaşdırma texnologiyası GS1 Digital Link-ə həsr olunmuş təqdimat keçiriblər. Görüş zamanı ikiölçülü (2D) markalanma texnologiyasının imkanları, üstünlükləri və səhiyyə sahəsində tətbiq perspektivləri barədə ətraflı məlumat təqdim olunub.
Təqdimat zamanı fiziki məhsulu rəqəmsal informasiya ilə əlaqələndirməyə və QR kodun skan edilməsi vasitəsilə məhsul haqqında məlumatlara operativ çıxış əldə etməyə imkan verən GS1 Digital Link texnologiyasına xüsusi diqqət yetirilib. Görüş iştirakçıları bu texnologiyanın tətbiqinin məhsul haqqında məlumatların şəffaflığının artırılması, istehlakçılarla qarşılıqlı əlaqənin gücləndirilməsi və identifikasiya proseslərinin optimallaşdırılması baxımından üstünlüklərini müzakirə ediblər.
Görüşün yekununda Nərgiz Medical Center rəhbərliyi öz istehsalı olan məhsulların markalanması məqsədilə GS1 Digital Link texnologiyasının tətbiqində maraqlı olduğunu bildirib. İlkin mərhələdə GS1 Digital Link rəqəmsal keçidlərinin 13 adda məhsul üzərində tətbiqi nəzərdə tutulur.
