Dövlət Statistika Komitəsi ilə əməkdaşlıq görüşü təşkil edildi

15 aprel 2026-cı il tarixində GS1 Azerbaijan və Dövlət Statistika Komitəsinin əməkdaşları arasında işgüzar görüş keçirilmişdir.
Görüşün əsas məqsədi iqtisadiyyat üzrə statistik məlumatların toplanması və emalı proseslərində GS1 identifikatorlarının istifadəsi imkanlarının müzakirəsi olub. Görüşdə iştirak edən Statistika Komitəsinin sədr müavini Yusif Yusifov Azərbaycanda statistik məlumatların toplanması və təhlili üsulları, eləcə də GS1 Azerbaijan ilə mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verib.
GS1 Azərbaycan İdarə Heyətinin sədri Vəfa Əliyev iqtisadiyyatın müxtəlif sahələrində geniş istifadə olunan GS1 sisteminin kəmiyyət və keyfiyyət məlumatlarını təhlil edərək əsaslandırılmış qərarlar qəbul etmək imkanlarını müzakirə etdi.
Görüşün yekununda GS1 sisteminin identifikatorlarından istifadə ilə bağlı digər ölkələrin statistika orqanlarının təcrübəsinin öyrənilməsi barədə razılıq əldə olunub. Bundan sonra əməkdaşlığın detallı müzakirəsi üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur.