Azərbaycanda pərakəndə ticarət şəbəkələrində təqdim olunan kassa çekləri müasir rəqəmsal iqtisadiyyatın tələblərinə tam cavab vermir. Əsas problem satılan məhsulların unikal identifikasiya kodu olan GTIN (Global Trade Item Number)-in çeklərdə göstərilməməsidir. Bu isə istehlakçı hüquqlarının qorunması, bazar şəffaflığı və dövlət nəzarəti baxımından boşluq yaradır.
“GS1 Azerbaijan” İctimai Birliyinin İdarə heyətinin sədri Vəfa Əliyevin sözlərinə görə, mövcud çeklərdə adətən məhsulun adı, qiyməti və miqdarı göstərilsə də, məhsulu dəqiq identifikasiya edən GTIN kodu əks olunmur. Bu səbəbdən istehlakçıların aldığı konkret məhsulu sonradan müəyyən etməsi çətinləşir, xüsusilə qida, uşaq qidası və dərman vasitələri kimi riskli kateqoriyalarda problemlər yarana bilir.
Ekspertlər hesab edir ki, GTIN kodunun kassa çeklərində göstərilməsi məhsulların izlənməsini asanlaşdırar, saxta və keyfiyyətsiz mallarla mübarizəni gücləndirər və bazarda şəffaflığı artırar. Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, bu sistem artıq bir çox ölkədə tətbiq olunur və iqtisadiyyatın “ağardılmasına” da töhfə verir.
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov isə qeyd edir ki, GTIN kodunun çeklərdə göstərilməsi istehlakçılara mobil tətbiqlər vasitəsilə məhsulun istehsal tarixi, son istifadə müddəti və digər vacib məlumatları asanlıqla əldə etməyə imkan verə bilər.
Mütəxəssislər problemin həlli üçün kassa aparatlarının proqram təminatının yenilənməsini və çeklərdə GTIN-in mərhələli şəkildə məcburi tətbiqini təklif edirlər. Bu addımın istehlakçı hüquqlarının müdafiəsini gücləndirəcəyi və ticarətdə etimadı artıracağı bildirilir.