7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində iştirak

GS1 Azerbaijan əməkdaşları EXPO Center-də keçirilən “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak etmişlər. Sərgi yerli istehsalçıların dəstəklənməsi və tanıdılması, həmçinin müxtəlif sahələr üzrə biznes nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunmuşdur.

Tədbir çərçivəsində GS1 Azerbaijan əməkdaşları iştirakçılara GS1 beynəlxalq standartlarının tətbiqi, məhsulların ştrixkodlaşdırılması prinsipləri və GS1 Digital Link həlləri barədə ətraflı məlumat təqdim etmişlər. GS1 Digital Link fiziki məhsulları rəqəmsal məlumatlarla əlaqələndirməyə imkan yaradır, məhsulun izləniləbilənliyini artırır, təchizat zəncirində şəffaflığı gücləndirir və istehlakçılara QR kodunun skan edilməsi vasitəsilə məhsul haqqında geniş və etibarlı məlumat əldə etmək imkanı verir.

Sərgi çərçivəsində yerli istehsalçılarla və biznes nümayəndələri ilə görüşlər keçirilmiş, onlara məhsul identifikasiyası, izləniləbilənlik sistemlərinin tətbiqi və GS1 standartlarının beynəlxalq ticarətdə yaratdığı üstünlüklər barədə məlumat verilmişdir.

Həmçinin GS1Azerbaijan AZE Barcode mobil tətbiqi iştirakçılara təqdim olunmuşdur. Tətbiq istifadəçilərə ştrixkodların skan edilməsi vasitəsilə məhsul məlumatlarına sürətli çıxış, istehsalçı məlumatlarının yoxlanılması və məhsul haqqında ətraflı məlumat əldə etmək imkanı yaradır.

Sərgi yerli istehsalçıların rəqəmsal identifikasiya və izləniləbilənlik sahəsində biliklərinin artırılmasına, eləcə də GS1 həllərinin geniş tətbiqinin təşviqinə mühüm töhfə vermişdir.