20.05.2026-cı il tarixində GS1 Azerbaijan tərəfindən yeni üzvlər üçün növbəti maarifləndirici seminar təşkil olunub.
Seminarın əsas məqsədi sahibkarların GS1 standartları, məhsul identifikasiyası və müasir ştrixkod texnologiyaları barədə məlumatlılığının artırılması olub.
Tədbir zamanı iştirakçılara GS1 sisteminin iş prinsipləri, qlobal identifikasiya açarlarının tətbiqi, məhsulların düzgün kodlaşdırılması və beynəlxalq ticarətdə standartların rolu barədə geniş təqdimat keçirilib. Xüsusilə identifikasiya açarlarının düzgün istifadəsinin məhsulların izlənməsi, logistika proseslərinin optimallaşdırılması və satış kanallarında şəffaflığın təmin edilməsində əhəmiyyəti vurğulanıb.
Seminarda yeni nəsil 2D ştrixkodlar və onların üstünlükləri də təqdim edilib. İştirakçılar 2D kodların daha geniş məlumat daşımaq imkanları, rəqəmsal ticarət, izlənmə və istehlakçı məlumatlandırılması baxımından yaratdığı üstünlüklərlə tanış olublar. Bununla yanaşı, GS1 Aze Barcode mobil tətbiqinin funksiyaları nümayiş etdirilib, tətbiq vasitəsilə məhsul məlumatlarının yoxlanılması və ştrixkod oxuma imkanları praktiki şəkildə izah olunub.
Tədbir çərçivəsində ştrixkod avadanlıqları təqdim olunub, video təlimatlar nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb. Seminar sahibkarlar üçün GS1 standartlarının tətbiqi, məhsulların düzgün identifikasiyası və rəqəmsal həllərin istifadəsi istiqamətində faydalı platforma kimi qiymətləndirilib. Sahibkarlara qeydiyyatlarını təsdiq edən Şəhadətnamələr təqdim edilib.
Tədbirdə eləcə də Dövlət Vergi Xidməti, AZPROMO və KOBİA nümayəndələri iştirak ediblər.
.jpeg)