2026-cı il 3 iyul tarixində nəzarət-kassa aparatlarının quraşdırıldığı yerlərin identifikasiyası məqsədilə beynəlxalq GLN (Global Location Number) nömrəsindən istifadənin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.
Görüş zamanı Belarus tərəfinin nümayəndələri GS1 beynəlxalq standartlarının tətbiqi təcrübəsi, GS1 Belarus təşkilatının fəaliyyəti, eləcə də Belarus Respublikasının vergi inzibatçılığı sistemində GLN nömrəsinin istifadəsi təcrübəsi barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, hazırda Belarus Respublikasının vergi orqanları bütün nəzarət-kassa aparatlarının identifikasiyasını beynəlxalq GLN nömrəsi vasitəsilə həyata keçirirlər. Bildirilib ki, GLN nömrəsi obyektlərin unikal identifikasiyasını təmin edir və beynəlxalq səviyyədə məlumat mübadiləsinin daha səmərəli həyata keçirilməsinə imkan yaradır.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq GLN nömrəsinin tətbiqinin praktiki aspektləri və onun nəzarət-kassa aparatlarının quraşdırıldığı yerlərin identifikasiyası prosesinə inteqrasiyası ilə bağlı bir sıra suallar ünvanlayıblar.
Belarus tərəfinin nümayəndələri tərəfindən bütün suallar ətraflı şəkildə cavablandırılıb.
Görüşün yekununda tərəflər beynəlxalq GLN nömrəsinin istifadəsi ilə bağlı əməkdaşlığın və işgüzar məsləhətləşmələrin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.