14.07.2025-ci il tarixində GS1 Azərbaycan və Azərbaycan Texnologiya Universiteti (ATU) arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə memorandum imzalanıb.
İmzalanan memorandum GS1 standartlarının (avtomatik identifikasiya və ştrixkodlaşdırma) regionda tətbiqinin təşviqini və gənc mütəxəssislərin müasir texnologiyalar üzrə biliklərinin artırılmasını hədəfləyir. Bu əməkdaşlıq çərçivəsində tərəflər aşağıdakı istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər:
• ATU tələbələrinin GS1 Azərbaycan-da istehsalat təcrübəsinə cəlb olunması;
• GS1 Azərbaycan mütəxəssisləri tərəfindən professor-müəllim heyəti və tələbələr üçün ustad dərslərinin keçirilməsi;
• Birgə seminarların təşkili;
• GS1 Azərbaycan-ın təşəbbüsü ilə ATU-da ixtisaslaşmış tədris laboratoriyasının yaradılması;
• ATU-da mövcud ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün birgə fənn proqramlarının hazırlanması.
Memorandumun əsas istiqamətlərindən biri olan ATU-da ixtisaslaşmış tədris laboratoriyasının yaradılması üzrə GS1 Azerbaijan tərəfindən sinif otağı avadanlıqlarla təmin edilmişdir. Yaradılan tədris laboratoriyası tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına xidmət edəcək.
GS1 Azərbaycan və ATU arasında imzalanmış bu əməkdaşlıq sənədi ölkədə rəqəmsallaşma proseslərinə və yüksək ixtisaslı kadr hazırlığına töhfə verəcəyinə ümid edirik.