Cari ilin 15 və 21 oktyabr tarixlərində GS1 Azerbaijan İctimai Birliyi öz ofisində iqtisadiyyatın müxtəlif sahələrindən – qida məhsulları, farmasept, alkoqollu içkilər və digər sektorların nümayəndələri üçün rəqəmsallaşmanın müasir tendensiyaları mövzusunda seminarlar təşkil edib.
Tədbirdə GS1 Azerbaijan əməkdaşları GS1 Digital Link texnologiyası və 2D kodların istifadəsinin üstünlükləri barədə ətraflı məlumat verib və onların tətbiqi imkanlarını nümayiş etdiriblər.
Rəqəmsal keçidlər (digital linklər) məhsul haqqında məlumatın qablaşdırmanı dəyişmədən dinamik şəkildə yenilənməsinə imkan yaradır.
Seminar iştirakçılarının böyük marağına səbəb olan məqam GS1 Azerbaijan tərəfindən təqdim edilən rəqəmsal keçidlərin formalaşdırılması üzrə yeni xidmətin nümayişi olub.
“Carlsberg Azerbaijan” MMC, “Azərsüd” MMC, “NB Qrup” ASC və “Mətanət-A” Şirkəti nümayəndələri bu texnologiyanın tətbiqinə xüsusi maraq göstəriblər.
İştirakçılar tədbir zamanı suallarına cavab alıb, yeni xidmətin tətbiqinə dair praktiki addımlar haqqında fikir mübadiləsi aparıblar. Seminarlar ümumilikdə təxminən 50 nəfərin iştirakı ilə keçirilib.
GS1 Azerbaijan qlobal standartların tanıdılması və tətbiqi istiqamətində aktiv fəaliyyətini davam etdirir və üzvlər üçün yeni tədris tədbirlərinə hazırlaşır.