14 yanvar 2026-cı il tarixində GS1 Azerbaijan ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında işgüzar görüş keçirilib.
Görüşdə GS1 Azerbaijan tərəfindən beynəlxalq GS1 standartları, əmtəələrin identifikasiyası və ştrixkodlaşdırma ilə bağlı təqdimat edilib. Təqdimat zamanı GS1 sisteminin yerli istehsalçı və logistika şirkətləri üçün yaratdığı imkanlar, məhsul və xidmətlərin beynəlxalq bazarlarda tanınması və izlənə bilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, yaxın zamanda qəbul edilmiş AZS 981:2025 “Logistik vahidlərin GS1 Logistik etiketlər vasitəsilə İdentifikasiyası. Tərtibat və istifadə qaydaları” adlı standart barədə məlumat verilib.
Görüşdə logistika və gömrük sahələrində GS1 standartlarının tətbiqinin vacibliyi vurğulanıb, tərəflər mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, bu cür görüşlər sahələrarası əlaqələrin möhkəmlənməsinə və beynəlxalq standartların ölkə üzrə daha geniş tətbiqinə müsbət təsir göstərəcək.
