25 iyun 2026-cı il tarixində GS1 Azerbaijan İctimai Birliyinin icraçı direktoru Səbinə Əliyeva və marketinq meneceri Səfurə Şabanova “Avrora” MMC-nin Sənaye Parkını ziyarət ediblər.
Səfər çərçivəsində keçirilən görüşdə GS1 Azerbaijan nümayəndələri yeni nəsil GS1 Digital Link 2D kodlarının tətbiqi, həmçinin GS1 beynəlxalq standartlarına uyğun qrup və logistika etiketlərinin istifadəsinə dair təqdimatlar ediblər.
Görüşdə “Avrora” MMC-nin keyfiyyətin idarə olunması, istehsal prosesləri, texniki təminat və məhsul istehsalı istiqamətləri üzrə fəaliyyət göstərən rəhbər və mütəxəssislər iştirak ediblər.
Tədbir zamanı iştirakçılara ikiölçülü (2D) markalama texnologiyaları, qrup etiketlərinin formalaşdırılması standartları və logistika markalanmasına dair tələblər haqqında ətraflı məlumat verilib. Tərəflər GS1 beynəlxalq standartlarının tətbiqinin praktiki aspektlərini, eləcə də bu həllərin müəssisənin istehsal proseslərinə inteqrasiyası imkanlarını müzakirə ediblər.
Görüşdən sonra iştirakçılar müəssisənin istehsal sahələri və anbar kompleksi ilə tanış olublar. GS1 Azerbaijan nümayəndələri məhsul istehsalı, markalanma, qrup qablaşdırılması və logistika vahidlərinin formalaşdırılması proseslərini yerində müşahidə ediblər. Bu isə mövcud yanaşmaların qiymətləndirilməsinə və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaradıb.
